4 Ocak 2017 Çarşamba

Psixoloqa nə üçün müraciət etməliyik?

   Günümüzdə insanları əhatə edən vasitə və insanlar çoxaldıqca, onların problemləri də artır. Bu problemlərin artması da öz növbəsində təcili həllər tələb edir. Maddi problemləmlərlə yanaşı insanı yoran digər bir məsələ psixoloji gərginlikdir. Buna əsas səbəb kimi informasiya yüklənməsi, maddi və mənəvi tələbatların ödənilməməsi, damğalama, əhatəsində olan insanlarla qarşılıqlı anlaşılmazlıq və sair göstərə bilərik.
   Bu məslədən isə bir başa psixoloqlar sorumlu tutulur. İnkişaf etmiş cəmiyyətlərdə bu məsələlər daha tez və rahat həllini tapır. Çünki problemi olan insan kimə və necə müraciət edəcəyini bilir, buna görə heç kim onu qınamır. Hazırki dövrdə isə bizdə bu balans ciddi şəkildə pozulmaqdadır.
      İlk növbədə insanların psixoloqun fəaliyyəti haqqında məlumatının az olması işi çətinləşdirir. Belə ki psixoloqa "Dəli Həkimi" damğası vurulur və onun haqqında bütün bilgilər bloklanmış olur. Nəzərinizə çatdıraq ki psixologiyada dəli adlı bir anlayış yoxdur. Dəli sözü insanların məlumatsız vaxtlarda müəyyən psixoloji problemləri olan insanlara qoyduğu ümumi adddır. Dahası Psixoloq heç həkim də deyil. Psixoloqu sadə anlaşıqlı şəkildə ifadə etsək bütün insanların: şəxs, ailə, qrup. toplum və cəmiyyətlərin psixoloji problemlərinin aradan qaldırılmasına, psixoloji sağlamlıq və rifahını təmin etməyə yardım edən mütəxəssisdir.
     Digər tərəfdən cəmiyyətimizdə psixoloqlara bir mənalı baxış olmadığı üçün insanlar ya heç kimə danışır, yada hamıyla paylaşır. Bunun nəticəsidir ki, insanlar təklikdən, ətrafındakıların onları başa düşmədiklərini , insanlarla ünsiyyətə girməkdə problemlər yaşadıqlarını bildirirlər. Əvvəlki məqaləmdə sosial medianın insanların sosial-psixoloji münasibətlərinə təsirindən söz açmışdım.(https://muradakifsoy.blogspot.co.ke/2016/12/mediann-ail-v-usaqlara-tsiri.html) İnsanların sosial mediaya yönəlməsinin səbəblərindən biri kimi ətrafındakıların onlara münasbəti də təsir edir.
    Problemlərini hamıyla danışan insanlarda məsələlərin tam həll edə bilmirlər. Beləki onların problemlərini dinləyən şəxslər bir məsləhət vermək məcburiyyətində qaldıqlarını hiss edirlər və hərəkətə keçirlər. Daha sonra bu məsləhət verən insanlar özlərində hamıya məsləhət vermək məcburiyyəti hiss edirlər, insanlara lazım oldu-olmadı, yeri gəldi gəlmədi məsləhət verirlər. Bunun ən acı nəticələrindən biri də bəzi şəxslərin özlərini psixoloq hesab etməsi, psixoloqun təhsillə deyil, bacarıq olduğunu əsas gətirərək müəyyən kurslar keçib psixoloqluq fəaliyyətinə başlayırlar. Ölkədə bunu əngəlləmək üçün hər hansı qanun olmadığı üçün bu "Qondarma Psixoloqlar" öz fəaliyyətinə davam edirlər. Nəticədə isə itirən onlara güvənib müraciət edən insanlar zərər çəkir. Problemləri həll olunmadan qalır, onlardan xidmət üçün alınan vəsaitlər də boşuna xərclənmiş olur. Psixoloqlara inamsızlıq artır.
    Bu problemin Psixoloqlardan asılı tərəfi də yox deyil. Bu problemləri aradan qaldırmaq üçün Maarifləndirmə şərtdir. Bu məqaləni yazmaqda əsas səbəbdə budur. Gündəlik həyatda psixoloqlarda damğalanmaya məruz qalır. Bunun üçün insanlara psixologiya elmi haqqında onlarda fikir yaradacaq bilikləri çatdırmaq məqsədəuyğundur.
    İnsanları daha düzgün mütəxəssisə müraciət etmələri üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislər haqqında məlumat vermək yerinə düşər. Əsas müzakirəyə səbəb olan  məsələlərdən biri də Psixiatr və Psixoloqun fərqidir.
  • Psixiatriya və Psixologiya arasındakı fərq nədir?
  • MPA (Michigan Psychiatry Association) 'ya görə psixiatr ilə psixoloq bu şəkildə təyin olunmuşdur:
  •   Psixiatr, tibb fakültəsini tamamlayaraq M.D. (Doctor of Medicine) ya da D.O(Doctor of Osteopathic Medicine)dərəcəsini almışdır. Tibb təhsili əsnasında psixiatriya sahəsində ixtisas təhsilini bitirmişdir. psixiatrlar tibb həkimləri olduqları üçün, möhkəm və sıx bir tibbi təhsildən keçməkdə və əhatəli bir müalicə təmin etmək üçün professional təhsilin tibbi  ənənələrinə və məsuliyyətinə görə hərəkət edirlər.
  • Psixoloq, bakalavr və ya magistr dərəcəsini tamamladıqdan sonra bu sahədə sübat yetirilmiş müəyyən təcrübəsi olandan sonra bu sahədə çalışa bilər.Psixoloqlar təhsilini klinik psixologiya proqramı sahəsində tamamladıqlarında "Klinik Psixoloq" ünvanını ala bilərlər. Klinik psixoloqlar, psixoloji test və qiymətləndirmədə professional deyiller. Psixoloqlar, ruhi və romantik pozuqluqları psixoterapiya ilə müalicə edirlər.
  • Psixoterapevt-Hər psixoloq psixoterapevt deyildir.Psixoterapet olmaq üçün müəyyən əlavə təhsillə psixoterapevtik texnikalara yiyələnməli, eyni zamanda bunlarn tətbiqini aparıb uygun nəticələr əldə etmiş şəxs psixoterapevt sayılır. 
  • Psixoloq həkim deyil, dərman müalicəsi  təyin edə bilməz.Psixoloq nə psixiatr,nədə parapsixoloq deyil, yadaki psixoloqun işi sadəcə məsləhət vermək deyildir.  Psixoloq – sağlam insanlarla işləyən, onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları, gözdə problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən bir mütəxəssisdir. 
  • Loqoped isə "Korreksiyaedici Təlim" ixtisası üzrə bakalavr dərəcəsi və bu sahədə təcrübəsi olan şəxsə deyilir. Psixoloqdan fərqli olaraq loqoped nitq qüsurlarının korreksiyası ilə məşğul olur. Loqoped- psixoloq deyil. Deffektoloq Loqoped ola bilər.
  • İlk növbədə psixloqlar olaraq maarifləndirmə işinə daha diqqətli yanaşacağına, daha sonra yuxarıda qeyd etdiyim problemlərin hüquqi həll tapmasını ümid edirəm. Hər birinizə sağlam ruh arzu edirəm

22 Aralık 2016 Perşembe

Medianın ailə və uşaqlara təsiri

    Müasir dövrdə texnikanın sürətlə inkişafı elektronik cihazları həyatımızın bir hissəsinə çevirdi. Nəticə olaraq kütləvi informasiya vasitələrinin artması ilə  həddindən çox informasiyaya məruz qalırıq. Bunun içində isə bizə lazım olacaqlar çox az hissə təşkil edir.
    İlk öncə müsbət tərəflərini qeyd etmək doğru olduğunu düşünürəm. Bu vasitələr sayəsində biz asudə vaxtımızı seçdiyimiz program və ya filmə baxaraq maraqlı keçirə bilirik. Eyni zamanda uşaqlar üçün inkişafetdirici programlarda mövcuddur. Uşaqlarımızın inkişafında bizə yardımçı olur. Gənclərin əsas maraq dairələrindən biri olan futbol maçlarını evindən çox rahat şəkildə izləmə imkanı verir.
    Ancaq bu proqram və xəbərlər çoxluğu onlar arasında rəqabətə səbəb oldu. Bu səbəblə insanları daha çox cəlb etmək üçün düşünülmüş addımlar atıldı. Bununda nəticəsində hazırda ölkəmizdə insanlara təsir vasitəsi kimi insan taleləri və ailədaxili münasibətlər gündəmə gətirilməkdədir. Bu ilk öncə ailə başçıları olan ata və anaya daha sonra isə uşaqlara mənfi təsir edir. Boşanma, ailə daxili krizlər hər bir cəmiyyətdə normal hallar hesab edilir. Boşanma iki insanın birlikdə olan həyatlarını paylaşmaq, davam etdirmək mstəmədiklərinin hüquqi və sosial əsasıdır. Bizim cəmiyyətdə bilavasitə KİV- nin səyləri nəticəsində boşanma və ya ailədaxili krizlər faciə və bədbəxtlik fonunda qəbul edilir. Belə olan halda tərəflər bir-birinə qarşı münasıbətlərdə çox aqressiv davranır, uşaqdan bir vasitə olaraq istifadə edirlər. Bu kimi hallarda ruh düşkünlüyünün olması normaldır. Lakin bu insanların bütüb həyatlarına təsir etməməlidir. Hər gün izlədiyi televiziya programlarında belə halları görən insanlar da hadisləri orda təqdim edildiyi kimi qəbul etməyə başlayır. Beləcə də bu kimi hallar ümumi qınaq formalaşır. Yanaşı olaraq insanlar mediada gördüyü modelləri həyatlarına tətbiq edir, hər hansı yüngül bir stuasiyanı problemə çevirir, prosesi mediada görüb məcburi şəkildə öyrəndiyi yersiz arqumentlərlə izah etməyə çalışırlar. Bununla yanaşı boşanma və intihar hadisələrinin  gün ərzində göz önündə olması insanların əhvalına mənfi təsir edir, ruh düşkünlüyü stress yaradır.
    Mənfi informasiya bolluğundan ən çox əzyiyət çəkənlərdə uşaqlardır. Onlar görməməli olduqları hadisələri izlədikcə bu kimi hallar onlar üçün adiləşir. Onlara bir başa təsir edən proseslərlə yanaşı bu probelmləri canlı şəkildə ailədə daha tez-tez şahidi olan uşaqlar ünsiyyətdən qaçmağa başlayır, özünəinamı aşağı düşür, olanlardan özlərini günahkar hesab edirlər. Nəzarətsiz qalan uşağın mənfi sitiqamətlərə yönəlməsi daha da asanlaşır. Paralel olaraq həddindən artıq informasiya alan uşaq öz rəngli dünyasında yaşamaq məhrum olur, uşaqlığı yaşamadan böyüklük öyrədilir vənəticədə valideynlərdə gördüyü uşaq modelini öz övladlarından tələb edirlər. Belə məqamda uşağa bir şəxsiyyət kimi deyil, hər hansı bir model kimi baxılır. Nəticə olaraq monoton, öz hiss və fikirlərini ifadə edə bilməyən, özünəinam hissi aşağ olan bir nəsil yetişir. bu nəslin cəmiyyətə adaptasiyası çox çətin olur, bəziləri isə öz yerlərini tapa bilmirlər.
     Hər ailə bir cəmiyyət, bir dövlət qurumudur. Hər bir ailənin də özünəməxsus qanunları var. Yaxşı nəticə verən prosesləri özümüzə tətbiq etmək təqdirə layiq haldır.Ancaq bizə verilən modeli olduğu kimi tətbiq etmək bizi sıradanlaşıdırır. Sıradan bir vətəndaş,sıradan monoton cəmiyyət anlamına gəlir. Bu həmdə ailə üzvlərinin şəxsi keyifyyətlərinin diqqətdən kənarda qalması deməkdir. Ona görə də hər ailə öz bilik və bacarıqlarına əsaslanaraq övladlarını tərbiyə etməli, bir-birilə qarşılıqlı münasibətlərdə də içlərindən gəldiyi kimi - hislərinə güvənərək öz şəxsi fikirləri əsasında davranmalı, lazım olduğu hallarda mütəxəssislərə müraciət etmələri məqsədə uyğundur. Unutmayın bu günün sağlam düşüncə ilə böyüyən uşağı sabahın savadlı həkimi. bacarıqlı müəssisə rəhbəri və ən əsası düzgün tərbiyə verə biləcək valideynidir.

8 Aralık 2016 Perşembe

Tolstoy qaçdı, bizlər qaça bilmirik

     Sevgini dağıtmaq üçün iblislərin hamısının birlikdə nə vaxtsa fikirləşib tapdıqları cəhənnəm ixtiralarından ən məhv ediciləri - qınamaq və məhv etməkdir. Onlar səhvsiz təsir edirlər, kral gürzəsinin sancması kimi, onlar həmişə məhv edir. həmişə öldürürlər.
     Qraf Lev Tolstoyun həyat yoldaşı bunu başa düşəndə gec idi.Ölümündən qabaq o, qızlarına etiraf etdi: "Sizin atanızın ölümündə günahkar mənəm". Qızları cavab vermirdilər. İkisi də ağlayırdı. Onlar bilirdilər ki, anaları həqiqəti deyir.
Ancaq bütün məlumatlara görə, qraf Tolstoy və onun həyat oldaşı xoşbəxt olmalı idilər. O, bütün dövrlərin ən məşhur yazıçılarından biri idi. Şöhrətdən başqa, Tolstoyun var dövləti, yüksək sosial mövqeyi, uşaqları var idi. Heç bir nikah bu cür aydın, buludsuz  göyün altında çiçəklənməmişdi.
    Sonra heyrətli bir şey baş verdi. Tolstoy tədricən dəyişdi. O, tamamilə başqa bir adam oldu. O, yazdığı kitablara görə xəcalət çəkməyə başladı və həmin vaxtdan etibarən öz həyatını sülhə, müharibələrin dayandırılmasına və yoxsulluğun aradan qaldırılmasına çağıran məqalələrin yazılmasına həsr etdi. Torpaqlarının hamısını paylamışdı, yoxsul bir adam kimi yaşayırdı. Onun həyat yoldaşı isə nifrət etdiyi dəbdəbəni sevir, Tolstoyun öz kitabları müqabilində ala biləcəyi pulları tələb edirdi.
   Tolstoy etiraz edəndə, o, isterikalar qurur,ağzın içərisində tiryək olan şüşə qab tutaraq döşəmədə yuvarlanır və and içirdi ki, özünü öldürəcək quyuya atacaqdır.
   Əvvəl-axır, 88 yaşında Tolstoy öz evliliyinə dözəcək halı qalmadı və 1910-cu ilin qarlı oktyabr gecəsində hara getdiyini bilmədən evdən qaçdı.
    On bir gün keçəndən sonra o, balaca bir dəmiryolu stansiyasında vəfat etdi. Ölümündən əvvəl tələb edirdi ki, həyat yoldaşını onun yanına buraxmasınlar. Qrafinya Tolstoyun öz hücumları, zarıltıları və isterikalarına görə ödədiyi qiymət bu oldu.        
  Hamımız deyə bilərikki xanım Tolstoyun kifayət qədər bəhanəsi var idi. Tutaq ki, amma məsələ bunda deyil. Sual bundan ibarətdir ki, onun mühakimələri və giley-güzarı kömək etdimi, yoxsa əksinə, vəziyyəti birazda psiləşdirdi?            Dale Carnegie- "Necə dostlar qazanmalı"
    Günümüzdə bu kimi hallar və əksinə olanlar kişilərin qadınlara qarşı yersiz mühakimələri kifayət qədərdir. Bu kimi halların sayəsində dağılan ailələrində sayı hesabı yoxdur. Olan yenə uşaqlara olur. Həyatın yazılmamış qanunu "Düşünmədən hərəkət edən böyüklərin cəzasını uşaqları düşünərək çəkirlər" işə düşür. Oxucuların bəzilərində hiddət doğura bilər ki , niyə məhz qadın günahkar olan misalı qeyd etmişəm. Burda əsas məsələ gender mövzusu və ya kimin haqlı kimin haqsız  olmasını aydınlaşdırmaq deyil. Əsas problem hər iki tərəfin qarşılıqlı şəkildə anlaşa bilməməsi və bunun nəticəsində baş verə biləcək fəlakətlərdir. Misalı çəkməyimə səbəb müəllifin minlərlə adamın iş və şəxsi həaytındakı münasıbətləri yaxşılaşdırmasına kömək olmasıdır.
    Uşaqlar gələcəyimizdir deyirik, bəs biz bu gələcəyi mühakimə və tənqidlərlə nə qədər məhv etdiyimizin fərqindəyikmi? Cəzalarını anında kəsirik, bəs yaxşı işlər görəndə onları alqışlayırıqmı?
Uşaqların özlərini aktuallaşdırdığı mühit ailədir. Ailə uşağın müsbət davranışlarını qiymətləndirib mənfilərini yox etməyə çalışmaq əvəzinə bir-birini mühakimə etməklə məşğul olursa normal düşüncəli vətəndaşlıqdan söhbət belə gedə bilməz. uşaq bizim sözlərimizə deyil, davranışlarına baxır. Valideyninin əlində kitab görməyən uşağın dərslərini pis hazırlaması normaldır. Çünki o böyüklərində bunu görmədiyi üçün lazımsız davranış hesab edər. Uşaqlarımızın xətrinə belə olsa mühakimədən, tənqiddən uzaqlaşaq.
    Tolstoy qədər ruhu sakit və geniş təxəyyüllü birinin həyatını məhv edən mühakimələr bu günkü günümüzdə bizi toz kimi əzib keçər. Tolstoy qaçdı və donaraq öldü. Biz qaça bilmərik. Çünki ətrafımızda hər kəs tənqidçi, hər kəs hakimə çevrilib. Tanımadığımız adamlar haqqında bilib bilmədən ağlımıza gələn ifadələri işlədirik, yolunda büdrəyə utanmadan gülər, qaldırmağı ağlımıza belə gətirmərik. Bununla bərabər hüzurlu, anlayışlı bir cəmiyyət tələb edirik. Bizlərdə cəmiyyətin bir parçasıyıq biz etməsək kimdənsə necə tələb edə bilərik? Gəlin özümüzdən başlayaq - səhvlərdən heç kim sığortalanmayıb səhvləri bağışlayaq, insan xoş sözə həmişə ehtiyac duyur heç olmasa sevdiklərimizə bunu bəxş edək. Onların qürurlarını incitmədən, aşağılamadanda çox gözəl həyatımıza davam edə bilərik...
 

30 Kasım 2016 Çarşamba

Günümüzün paradoksu - Kapitalist cəmiyyətindəki ailədə hökm sürən sosialist rejim

      Bu gün biz hələ gənc dövlət sayılırıq. Müstəqilliklə bərabər eyni zamanda sosial-iqtisadi rejimimiz də tamamilə dəyişdi. Rəssama, müəllimə, fəhləyə, məmura eyni gözlə baxan bir sistemdən hər şeyə, hər sənət sahibinə fərdi şəkildə yanaşmağımızı tələb edən sistemi özümümüzə tətbiq etməyə çalışırıq. Bir yandan hər şeyi əllə etməyə öyrəşmiş adamlar artıq paltarını əllə yuyur, məktubu vaxt gözləmədən anında bir toxunuşla özüdə limitsiz olaraq göndərir, uzaqdakı tanışları ilə istədiyi vaxt görüntülü zəngləşə bilir artıq. Bu səbədən insanların asudə vaxtı çoxaldı. Təbiiki buna alışmamış olmağımız və uzun müddət sosialist rejimi tərəfindən robotlar şəklində istismar edilməyimiz, bu boş vaxtı necə gəldi plansız və bir o qədərdə mənasız xərclənməsi hələ də davam etməkdədir.
      Digər tərəfdən tamamilə nəzarət altına alınmış, nəfəsi belə rejim üçün alan insanlar bu rahatlığı sərhədsiz olaraq dəyərləndirdilər. Artıq hamının işlərinə burnunu soxa bilər, insanların ruh halını bilmədən hiss etdiklərini dəyərləndirmədən onlara mənfi qiymət verən bir sürü halına dönüşməkdəyik. Bunun ən ağır zərbələrini də normal olaraq uşaqlar və gənc nəsil alır. Əksər ailələrdə uşaqlar nəfəsli robotlar olaraq yetişdirilməkdədir. Uşağın yeyəcəyi yeməkdən tutmuş oynayacağı dostu, geyəcəyi paltara qədər valideyn qərar verir. Özü də uşağın fikri soruşulmadan. Daha sonra uşağın seçəcəyi peşəyə də valideynlər müdaxilə edir və 60% tələbə öz istədiyi sahə üzrə deyil tamam başqa sahə üzrə təhsil alır. Peşəsini sevməyən insanların bu peşəni öyrənmə səviyyəsidə çox aşağı olduğundan buda daha sonra qeyri-peşəkar kadrların ortaya çıxmasına səbəb olur. Bununla da kifayətlənməyən valideynlər daha sonra ailə quracağı şəxsə qədər, daha sonra nəvələrinə verəcəyi adlara qədər özləri qərar verirlər. Belə olan təqdirdə heç bir məqsəd bacarıq və prinsipləri olmayan biolojik yaşam sürən insanlar cəmiyyətə sürətlə yayılmağa başlayır.
    Bununla bərabər isə hər gün inkişaf etməyi tələb edən cəmiyyətdə həmin bu uşaqların yüksək yer tutmalarını tələb edənlərdə elə valideynlərdir. Uşaqlıqdan öz xəyal dünyasına toxunmayan özü haqqında heç bir qayğı və planı olmayan fabrik məhsulu ailədəki bu münasibəti sosiumda görməyəndə boşluğa düşür. İndiyə qədər heç kim iş görmədiyi üçün danlanmayan adam cüzi bir tənqiddən təsirlənir, cəmiyyətdən soyumağa başlayır. Çünki cəmiyyət ondan mübarizə tələb edir, halbuki ailədə hər şey əksinə idi. Nəticə olaraqda həmin adamlar günahı həmişə başqasında axtaran, özünütənqid haqda düşüncəsi belə olmayan, öz mənfəətini güdən eqoistlər yığınına çevrilir. Buda cəmiyyətdəki münasibətlərdə disbalans yaradır. Yenə ailəsinə döndüyündə evdə eyni münasibəti görür və cəmiyyətdən qaçmaq üçün bəhanələr axtarır, özünə qapanır, özünə inamı aşağı düşür.
     Problemin həlli istiqamətində ilk öncə yaş, cins, irq, sosial statusundan asılı olmayaraq insanlara fərdi yanaşmaşmalıyıq. Bu yazıda əsas yükü valideynlər üzərinə yükədik. Cəmiyyəti formalaşdıran ailələrdir, ailələri də valideynlər formalaşdırır. Ona görə də bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Uşaqlarımıza məktəbdə qiymət aldığı üçün, univeristetdə oxuduğu üçün yox sırf övladımız olduğu üçün qiymət verək. Ona özünü göstərməsinə şans verək. Buna onun həm mənəvi, həmdə hüquqi haqqı var. Çünki o bizim övldımız olsada bizim özümüz deyil, ona görədə özü ilə bağlı qərarlarda onun da istək və fikirləri nəzərə alınmalı, daha sonrakı yaşlarda bizim məsləhətlərimizə diqqət yetirməsi üçün şərait yaratmış olarıq. Öz şəxsiyyətinə hörmət görən hər bir adam digərlərinə də bunu qaytarmalı olduğunu yaxşı bilir. Belə yetişən insanların sosial problemləri nisbətən az olur, özlərini rahatlıqla ifadə edə bilirlər. Özümüzlə bərabər ətrafdakıları da sevməyimiz diləyi ilə...

24 Kasım 2016 Perşembe

Özünütənqid

    Gündəlik həyatımızda bizim çox eşitdiyimiz ifadələrdən biri də tənqiddir. Nədir tənqid ? Ümumiyyətlə biz niyə tənqid edirik ?
    Tənqid - lüğət mənasında hər hansı bir insan, əsər, mövzunun mənfi və müsbət tərəflərini tapıb müzakirə etmə işidir. Tənqidin əxlaqi cəhətdən dəyərləndiilməsi - kimə, nə vaxt, hansı məqsədlə edilməsinə görə iki yerə ayırmaq olar. a) müsbət tənqid (faydalı olan) , b) mənfi (zərər verən).
  Səhvlərdən heç birimiz sığortalanmamışıq təbiiki. Bunları düzəltmək üçün isə davranışlarımızı təhlil və tənqid etmək ən uyğun variantlardandır. Tənqidin bu baxımdanda  iki yerə ayırmaq olar: ətrafdakıların tənqidi(xarici tənqid) və özünütənqid (daxili tənqid) 
    Mənfi tənqidlərdə empatiya çatışmazlığı var. Qarşıdakı insanın daxili vəziyyəti nəzərə alınmır.Empatiya daha dərin olan insanlar adətən mənfi tənqiddən uzaq olur. Mənfiliklərə fokuslanan və özgüvəni zəif olan insanlar digərlərinin mənfilərini axtarıb tapmaqda maraqlıdır.Söylədiklərimizlə qarşı tərəfə hər hansı mesaj verməklə kifayətlənməyib, həmin şəxsin qısa və uzun müddətli davranışlarına təsir etdiyimizi də diqqətdə saxlamalıyıq.Əks halda qarşı tərəfə zərər verə bilərik. Buda insanları bizdən uzaqlaşdırmağa səbəb ola bilər.
   Yuxarıda qeyd etdiklərimiz demək olarki vaxt aşırı hamı bizə xatırladır. Əsas məsələ haqsız yerə tənqid etməkdən qaçmaq üçün ilk öncə özümüzü dəyərləndirməliyik. Necəki insanlara edilən mənfi tənqidlər onları bizdən uzaqlaşdırır, içimizdə özümüzə edilməyən tənqid də bizi özümüzdən uzaqlaşdırır.Çoxlarımız bu haqda heç düşünmürdə. Ancaq kimisə asıb-kəsmək üçün 7-24 hazırıq.Özünütənqid insanın öz-zöünə kefleksiv münasibətidir. Yəni öz səhvlərini sərbəst şəkildə axtarmaq, davranış və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Həddindən artıq özünütənqid özgüvən probleminə səbəb ola bilər. Belə özünü tənqid edən şəxlər adətən proses və stüasiyaları olduğundan pis qiymətləndirir. Lakin bu özümüzü tənqid etməkdən qorumalıyıq anlamına gəlmir.Tam əksinə lazımi qədər tənqid səhvlərimizi görmək və nəticə çıxarmaq, hadisələrə baxış tərzimizi doğru yöndə dəyişməyimizə yardımçı olacaq.Kimisə tənqid etməzdən əvvəl özümüzü onun yerinə qoyaq tənqid edəcəyimiz insana onun içindən baxmağa çalışaq.Eləcədə özümüzü tənqid edərkən özümüzə obyektiv yanaşaq, özümüzü qıraqdan görməyə çalışaq. Belə həm özümüzə həm çevrəmizə daha xeyirli olarıq.Ancaq bunu özgüvənimizi sarsacq həddə çatdırmamaq şərtilə etməliyik. Özünə qarşı tənqidi yanaşan şəxsiyyət ətrafdakılarda qüsur axtarmaqda maraqlı olmaz.Özündə tapdığı qüsurlardan çıxardığı heç kim qüsursuz deyil dərsi insanı ətrafı tənqidən çəkindirər.Tənqid və mübahisə heçnəyi həll etmir, bunlar bizi bizdən uzaqlaşdıracaq bəhanələrdir.Özümüzə və ətrafımıza sahib çıxmağımız diləyi ilə...